“EMEDİA GROUP” Media Təşkilatının rəhbərliyi, “Azərbaycan Autizim Assosiasiyası”, “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyi, “Daun Sindromlu Uşaqların Ailələrinə Dəstək” İctimai Birliyi, “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi sağlamlıq imkanları məhdud uşaqların – autizm spektr pozuntusundan, Daun sindromundan, kistik fibrozdan əziyyət çəkən və koxlear implant istifadə edən uşaqların cəmiyyətə inteqrasiyasının, ictimai həyatda tam hüquqlu iştirakının təmin edilməsi yollarının müzakirəsi, onların iradəsinin möhkəmləndirilməsi, bacarıq və qabiliyyətlərinin üzə çıxarılması nəticəsində əldə etdikləri uğurların vurğulanmasıdır.
Əvvəlcə tədbirdə müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevə və sağlamlıq imkanları məhdud uşaqlara həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sağlamlıq imkanları məhdud uşaqların ifasında Dövlət himni səsləndirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən “EMEDİA” Group Media Təşkilatının sədri və “Uğura gedən yol əngəl tanımır” layihəsinin təsisçisi Elşən Əliyev bildirib ki, cəmiyyətin bərabərhüquqlu üzvü olan sağlamlıq imkanları məhdud uşaqların bacarıq və qabiliyyətlərinin üzə çıxarılması, onların cəmiyyətimizə qazandırılmasında hər kəs yaxından iştirak etməli, həmin uşaqların parlaq gələcəyi naminə əlindən gələni əsirgəməməlidir.
“Uğura gedən yol əngəl tanımır” layihəsindən danışan təşkilat sədri deyib: “Bir ay ərzində biz həmin uşaqlarla birlikdə işlədik, onların daxilində gizlənən bacarıqlarına şahidlik etdik. Sağlamlıq imkanları məhdud uşaqlar cəmiyyətimizdən təcrid olunmaq yerinə, öz həmyaşıdları ilə qaynayıb-qarışmalı və istedadları ilə irəliləməlidir. Biz onların irəliləyəcəyi yollara işıq saçmağa və uğura doğru qorxmadan addım atmalarına təkan verməyə və dövlətin onları cəmiyyətə qazandırmaq istiqamətində həyata keçirdiyi tədbirlərə dəstəyimizi ifadə etməyə çalışdıq. Həmçinin onlara hiss etdirdik ki, məhdudiyyətləri cəmiyyətdə gedən proseslərdən, inkişafdan geri qalmalarına, öz həmyaşıdları ilə bir mühitdə bərabər səviyyədə eyni imkanlardan yararlanmalarına əngəl deyil. Onlar hər kəs tərəfindən sevilir və öz fərqlilikləri ilə qəbul edilirlər”.
Azərbaycan Autizm Assosiasiyasının Prezidenti, Milli Məclisin deputatı Jalə Əhmədova həmin uşaqların məhdudiyyətli olmadığını, sadəcə fərqli inkişaf xüsusiyyətləri ilə cəmiyyətimizi rəngarəng etdiklərini deyib.
“Məhdudiyyət insanın qəlbində, ruhunda olan və ətrafına zərər vuran çatışmazlıqdır. Odur ki, fərqli inkişaf xüsusiyyətləri olan uşaqlara məhdudiyyətli kimi yanaşıb cəmiyyətdən təcrid etmək, ayrı-seçkilik etmək onların hüquqlarının pozulmasıdır. Həmin qəbildən olan uşaqların bizim görə bilmədiyimiz amma cəmiyyətimiz üçün faydalı olan müxtəlif qabiliyyətləri, bacarıqları olur. Bizim hər birimiz onların malik olduğu, qorxaraq içlərində gizlətdiyi bacarıqlarını aşkarlamaq naminə çalışmalı və uğur qazanmaları üçün şərait yaratmalıyıq”,
Ulu Öndərin uşaqlara olan sevgisindən, xüsusilə də sağlamlıq imkanları məhdud uşaqlara göstərdiyi diqqət və qayğıdan danışan deputat, bu gün Ümummilli Liderin yaratdığı ənənələrin Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə, “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Mehriban Hüseynova, “Uğura gedən yol əngəl tanımır” layihəsinin ideya müəllifi Zülfiyyə Şahinqızı, “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin sədri Səadət Bayramova, “Daun Sindromlu Uşaqların Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevda Məmmədova və başqaları sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətimizə qazandırılması, onların öz həmyaşıdları ilə bərabərhüquqlu olduğunun hiss etdirilməsinin təkcə dövlətin, müvafiq qurumların üzərində olmadığını, həmin prosesdə cəmiyyətin hər bir təbəqəsinin yaxından iştirak etməsinin vacibliyini qeyd ediblər.
Sonra, “EMEDİA GROUP” Media Təşkilatının rəhbərliyi ilə “ALIOGLU” Media Groupun ərsəyə gətirdiyi “Uğura gedən yol əngəl tanımır” videoçarxı nümayiş etdirilib.
Daha sonra mükafatlandırma mərasimi keçirilib. “Uğura gedən yol əngəl tanımır” layihəsində iştirak edən autizm spektr pozuntusundan, Daun sindromundan, kistik fibrozdan əziyyət çəkən və Koxlear İmplant daşıyıcısı olan uşaqlar, həmçinin layihənin həyata keçirilməsi üçün dəstək olanlar, o cümlədən Azərbaycanın ictimai-siyasi və sosial həyatında fəallığı ilə seçilənlər təltif olunublar.
Qeyd edək ki, “Uğura gedən yol əngəl tanımır” layihəsi bir aya yaxın müddətdir icra olunurdu.